Yay mövsümü nə qədər xoş istirahətlərlə xatırlanırsa, bir o qədər də təbiət ərazilərinin tullantılarla çirkləndirilməsi ilə yadda qalır. Təəssüf ki, meşələr, çay kənarları, dəniz sahilləri məhz istirahətə gələnlərin atdığı tullantılarla çirkləndirilir və həmin ərazilərdə xoşagəlməz mənzərə yaranır.
Hər kəsi ətrafa tullantı atmamağa sövq etmək, ərazilərin təmizliyinə hər kəsin məsul olması öhdəliyini çatdırmaq məqsədilə “Təmiz ölkəm” devizi altında hər həftəsonu keçirilən təmizlik aksiyalarının əhatə dairəsini genişləndirdik. Artıq hər həftənin cümə axşamı və şənbə günləri bütün ölkə ərazisinin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edəcək Ümumrespublika Təmizlik Marafonuna start verilir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib. Mətbuat katibi qeyd edib ki, bir neçə ildir davamlı olaraq keçirilən və bütün ölkə ərazisini əhatə edən təmizlik aksiyaları artıq cəmiyyətin müəyyən bir təbəqəsində məsuliyyətli yanaşma formalaşdırıb.
“Hesab edirik ki, davamlı təmizlik aksiyaları vətəndaşlarımızda cavabdehlik məsuliyyəti formalaşdırır, tullantılarla çirkləndirilmiş yerlərə görə hansısa qurumun deyil, hər birimizin məsuliyyətinin olduğunu başa düşməyə şərait yaradır.
Xoşagəlməz və utandırıcı mənzərələrlə qarşılaşmamaq üçün gəlin bir olaq, tullantıları hara gəldi atmayaq və ətraf mühitin təmizliyinə birgə müvəffəq olaq”.