AZƏRBAYCAN BƏSTƏKARININ MUSİQİ ALBOMU ALMANİYA VƏ ABŞ-DA İŞIQ ÜZÜ GÖRÜB

Azərbaycan mədəniyyətini xaricdə təbliğ edən bəstəkar Xədicə Zeynalovanın Almaniya və ABŞ-da “Ave Maria” adlı konserti keçirilib və musiqi albomu işıq üzü görüb.

Layihə xalqlar və dövlətlər arasında sülhə həsr olunub və Almaniyanın Mədəniyyət Fondu, “Lippe” Regional Assosiasiyası və “Bridge of Sound” kamera ansamblının maliyyə dəstəyi ilə həyata keçirilib. Səsyazma 2023-cü ilin avqustunda Almaniyanın tarixi Marienmünster şəhərində aparılıb.

“Sevimli ölkəm Azərbaycanı bu cür beynəlxalq səviyyədə təmsil etmək mənim üçün böyük şərəfdir. Bu əsərin özəlliyi ondan ibarətdir ki, mən Şərqlə Qərb arasında əlaqə yaratmağa çalışmışam. Azərbaycan xalq musiqisinin ritmlərindən, muğam elementlərindən də istifadə etmişəm” – deyə Xədicə Zeynalova bildirib.

Xədicə Zeynalova “Bridge of Sound” ansamblının bədii rəhbəri, “Harmony of Sound” beynəlxalq musiqi festivalının təsisçisi və bədii rəhbəridir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Detmold Konservatoriyasının və Almaniyanın Paderborn Universitetinin məzunudur. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür (1999). 2005-ci ildən Almaniyada yaşayır və işləyir. Fəlsəfə doktoru və Paderborn Universitetində və Detmold Musiqi Akademiyasında dosent, GEMA (Musiqinin ictimai ifa edilməsi və mexaniki reproduksiyası hüquqlarının idarə edilməsi cəmiyyəti) üzvüdür. O, Azərbaycan musiqisinin populyarlaşdırılması üçün konsertlərin təşkili ilə fəal məşğul olur. Xədicə Zeynalovanın əsərləri Azərbaycan, Almaniya, ABŞ, Kanada, İsveçrə, Avstriya, Böyük Britaniya, İtaliya, Türkiyə, Oman, Ukrayna, Fransa, Macarıstan, Gürcüstan, Kipr, Yunanıstan və digər ölkələrdə keçirilən müasir musiqi festival və konsertlərində səsləndirilib. O, Almaniyada nüfuzlu təqaüd və mükafatlara, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mədəniyyət Nazirliyinin mükafatlarına layiq görülüb.