GƏNC AVROPA SƏFİRLƏRİ BAKIDA SÜNİ İNTELLEKTDƏN İSTİFADƏYƏ DAİR TƏLİM KEÇİBLƏR

“Avropa İttifaqının Şərq qonşuluğu” (EU NIGHBORS east) Regional Kommunikasiya Proqramının onlayn platformasında COP29 iqlim konfransı ərəfəsində gənc Avropa səfirlərinin Bakıda keçirdikləri təlim haqqında məqalə dərc olunub.

Paytaxtdakı “EuroClub”da “Gənclərin səsini eşitmək: Süni intellekt və gənclərin iştirakı” mövzusunda keçirilən tədbirdə 20-yə yaxın insan – yazıçılar, analitiklər, marketinq mütəxəssisləri və tədqiqatçılar iştirak ediblər.

İnteraktiv sessiya zamanı onlar sosial fəaliyyət və qərarın qəbul edilməsi prosesində konstruktiv iştirak etmək üçün bacarıq və alətləri öyrənib, həmçinin süni intellektin istifadəsi və təbii dildə mətnlərin emalı (Natural Language Processing – NLP) üsulları ilə tanış olublar.

Praktik məşğələlər zamanı gənc peşəkarlar süni intellekt alətlərindən istifadə etməklə yazılı mətn və videoməzmun yaratmağı öyrəniblər.

“Gənc Avropa Səfirləri” təşəbbüsü (The Young European Ambassadors – YEAs) Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Aİ ölkələri və Böyük Britaniyadan olan gəncləri birləşdirən qeyri-siyasi və könüllü şəbəkədir. Aktiv inkişaf edən bu şəbəkənin məqsədi gəncləri Aİ və Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq haqqında məlumatlandırmaq, bu əlaqələrin nəzərəçarpacaq nəticələrini nümayiş etdirmək, müxtəlif mövzular üzrə siyasi dialoqa töhfə vermək, gənclərin fəal vətəndaş olmasına köməklik göstərmək və daha yaxşı gələcək üçün əməkdaşlığı təşviq etməkdir.