PETERBURQ BEYNƏLXALQ HÜQUQ FORUMUNDA CİNAYƏTLƏRİN PROFİLAKTİKASI BARƏDƏ AZƏRBAYCAN TƏCRÜBƏSİNDƏN DANIŞILIB

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Ədliyyə Akademiyasının rəhbər vəzifəli şəxsləri Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş XII Peterburq Beynəlxalq Hüquq Forumunda iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Forumdan əvvəl nümayəndə heyətləri çar Rusiyasında müasir cəza-icra sisteminin əsasını qoymuş və 1879-1896-cı illər ərzində Baş həbsxana idarəsinin ilk rəhbəri olmuş Mixail Nikolayeviç Qalkin-Vraskoyun abidəsinin açılış mərasimində iştirak ediblər.

Rusiya Federasiyası Prezidentinin və Ədliyyə Nazirliyinin dəstəyi ilə keçirilən Forum 9 tematik paneldən və 120-dən çox tədbirdən ibarət olub. Forum iştirakçıları normayaratma fəaliyyətinin aktual sahələri, beynəlxalq hüququn müasir şəraitə uyğunlaşdırılması, mübahisələrin həlli üsullarının təkmilləşdirilməsi, hüquq sahəsində innovasiya və texnologiyaların tətbiqi və hüquqi təhsil sisteminin təkmilləşdirilməsi mövzularını müzakirə ediblər.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin direktoru, daxili xidmət generalı Arkadiy Qostev arasında görüş keçirilib.

Cəzaların icrası və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məsələlərinə dair təşkil edilmiş sessiyada iştirakçı ölkələrin təcrübələrinə əsaslanan müxtəlif mövzularda çıxışlar dinlənilib və müzakirələr aparılıb. Residiv cinayətlərin profilaktikası barədə Azərbaycan Respublikasının təcrübəsi haqqında məlumat sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

Nümayəndə heyəti, həmçinin Forumun “Hüquq – qlobal tarazlığın əsasıdır” mövzusunda keçirilmiş plenar iclasında iştirak edib, konqres-sərgi mərkəzində sahibkarların və dövlət orqanlarının stendlərindən ibarət sərgi ilə tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyəti Cəzaların İcrası Federal Xidmətinin Leninqrad vilayəti və Sankt-Peterburq şəhəri üzrə 1 saylı istintaq təcridxanasına da baş çəkib, müasir tələblərə cavab verən müəssisədə saxlanma şəraiti və xidmətin təşkili ilə tanış olub.