Azərbaycanın gənc həndbol hakimləri Açıq Avropa çempionatının oyunlarına təyinat alıb.
Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, Ləman Həmidova və Aydan Hüseynova İsveçin Höteborq şəhərində keçirilən turnirdə ədaləti qoruyurlar.
Avropanın Gənc Hakimlərinin layihəsi çərçivəsində reallaşan qitə yarışında 20 komanda 4 qrupda mübarizə aparır. Azərbaycan Yüksək Liqasının hakimləri həmin turnirdə bu günə kimi Litva-Norveç, Kipr-Rumıniya, Macarıstan–Kipr və Finlandiya–Slovakiya matçlarını idarə ediblər. Referilərin qarşıdakı günlərdə daha bir neçə oyuna təyinat alacağı gözlənilir. L.Həmidova və A.Hüseynova qarşılaşmaları idarə etməklə yanaşı, Avropa Həndbol Federasiyasının gənc hakimlər üçün seminarına da qatılırlar. Onlar oyun qaydaları, fiziki hazırlıq və ingilis dilindən test verirlər. Seminar iştirakçıları, həmçinin keçirilən matçlarla bağlı hakimlik işini də dəyərləndirəcəklər.
Açıq Avropa çempionatı iyulun 5-dək davam edəcək.
Xatırladaq ki, gənc hakimlər ötən ilin aprelində Çexiyanın paytaxtı Praqada da analoji turnirə qatılıblar. Həmin vaxt Ləman və Aydan bacıları beynəlxalq turnirdə bir neçə mərkəzi görüşü idarə ediblər.