ASTANADA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ Sİ CİNPİN İLƏ GÖRÜŞÜ KEÇİRİLİB

Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib.

Görüşdə çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib:

-İnanıram ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bundan sonra da ölkə quruculuğunun müxtəlif istiqamətlərində yeni nailiyyətlər əldə edəcək. Çin-Azərbaycan əlaqələri səmimiyyətə və qarşılıqlı etimada əsaslanır.

Ölkələrimiz yaxşı dostlardır, bərabərlik və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaşlardır. Çin-Azərbaycan münasibətləri həmişə sağlam və sabit şəkildə inkişaf edib. İki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb. Bu gün biz Birgə Bəyannamə qəbul edəcəyik. Bu sənədlə ikitərəfli əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcəyimizi bəyan edəcəyik. Bu, həm də yeni bir başlanğıc nöqtəsidir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərək deyib:

-Hörmətli cənab Sədr.

Yenidən görüşməyimizə çox şadam. Siz qeyd etdiyiniz kimi, ölkələrimiz yaxın tərəfdaşlardır və bu gün qəbul ediləcək Bəyannamə Çin Xalq Respublikasını və Azərbaycanı rəsmi olaraq strateji tərəfdaşlara çevirir. Hesab edirəm ki, bu, böyük nailiyyətdir, həmçinin yüksək məsuliyyətdir. Biz gələcəkdə də fəal qarşılıqlı fəaliyyət göstərmək, ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik.

Şadam ki, Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır və ölkələrimiz arasında hərtərəfli münasibətlərin inkişafına mühüm impuls verir. Beynəlxalq strukturlarda qarşılıqlı dəstəyi, ikitərəfli səviyyədə qəbul edilən müxtəlif sənədlərdə ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsinin ifadə olunmasını xüsusi vurğulamaq istərdim.

Eyni zamanda, ölkələrimizin nazirləri, idarələri, dövlət strukturları, ictimai təşkilatları səviyyəsində fəal diplomatiyanı, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında məhsuldar əməkdaşlığı qeyd etmək istərdim. Bütün bunlar əlaqələrimizi möhkəmləndirir.

Ölkələrimiz arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir, o, 3 milyard dollara çatıb və artım potensialına malikdir. Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb, bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Həmçinin biz Çin Xalq Respublikasından Azərbaycana ixracın artmasından məmnunuq.

COVID-19 epidemiyası zamanı göstərilən köməyə görə bir daha Sizə minnətdarlığımı bildirmək istərdim. Mənim Sizə yazılı müraciətimə dərhal müsbət reaksiya verildi və Azərbaycana minlərlə insanın həyatını xilas edən milyon dozadan çox vaksin çatdırıldı. Azərbaycan bu sınaqdan, ilk növbədə, Sizin dostluq münasibətiniz və çətin vaxtda bizə köməyiniz sayəsində ən az itkilərlə çıxan ölkələr sırasında oldu.

Qeyd etmək istərdim ki, investisiya əməkdaşlığının perspektivləri artıq əyani şəkildə görünür. Son hadisələr arasında elektromobillərin və elektrobusların tanınmış istehsalçısı – Çinin “BYD” şirkətinin Azərbaycanın strateji tərəfdaşı seçilməsini qeyd etmək istərdim. Əməkdaşlığın, elektrobusların və digər elektromobillərin birgə istehsalının ilk addımı olaraq müvafiq sənədlər imzalanıb. Əlbəttə, ölkələrimiz arasında yükdaşımaların artmasını xüsusi məmnunluqla qeyd edirəm.

x x x

Si Cinpin İlham Əliyevi Prezident seçilməsi münasibətilə təbrik edib. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyini vurğulayıb. Tayvanda keçirilmiş seçkilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən pislənildiyi, Çinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə etdiyi qeyd olunub.

Si Cinpin Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyinə görə təşəkkürünü bildirib. Ekstremizmə və separatizmə qarşı mübarizədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyü xüsusi qeyd olunub.

Prezident İlham Əliyev Azərbaycanın multilateralizmə – çoxtərəfli diplomatiyaya böyük əhəmiyyət verdiyini vurğulayaraq qeyd edib ki, Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinin tərəfdarıdır. İkili standartlardan əziyyət çəkmiş ölkəmiz də daxili işlərimizə qarışmaq cəhdlərini qəbul etmir.

Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun artırılmasının Çin tərəfindən dəstəkləndiyi vurğulanıb, gələn il Çinin sədrliyi çərçivəsində bu məsələyə xüsusi diqqət yetiriləcəyi bildirilib.

Si Cinpin Azərbaycan Prezidentini Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə toplantısına, eyni zamanda, bu əsnada Çinə dövlət səfərinə dəvət edib.

Prezident İlham Əliyev dəvəti məmnunluqla qəbul edib.

Azərbaycan Prezidenti də Çin Xalq Respublikasının Sədrini uyğun vaxtda ölkəmizə rəsmi səfərə dəvət edib.

Azərbaycanın “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən və buna qoşulan ilk dövlətlərdən biri olduğu vurğulanıb, ölkəmizin nəqliyyat-logistika imkanları, bu sahəyə hazırda Azərbaycanın investisiyalar qoyduğu və daim onu təkmilləşdirməsi sayəsində qazandığı uğurları qeyd edilib. Bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük imkanlarının 5 milyon tona, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması vurğulanıb.

Orta Dəhliz çərçivəsində Azərbaycan ilə Çin arasında əməkdaşlığa toxunularaq, bu dəhlizin rəqəmsallaşdırılmasının onun Mərkəzi Asiya ölkələrindən Qərb istiqamətinə, eyni zamanda, Qərb istiqamətindən də Çinə və Mərkəzi Asiyaya yüklərin həcminin artmasına müsbət təsir göstərməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Çinin “BYD” şirkəti arasında imzalanan və ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsini nəzərdə tutan Çərçivə Sazişinin önəmi bildirilib.

Görüşdə ölkələrimizin şəhərləri arasında qardaşlıq əlaqələrinə toxunularaq, Azərbaycanın 6 şəhərinin Çinin müxtəlif şəhərləri və regionları ilə əlaqələrinin olduğu vurğulanıb.

Azərbaycan ilə Çin arasında humanitar, mədəni əlaqələr qeyd edilib, Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən layihələrin əhəmiyyəti diqqətə çatdırılıb.

Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və insanlar arasında təmasların artırılması məqsədilə Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşlarına münasibətdə vizaların aradan qaldırılması qeyd edilərək, bunun da ölkələrimiz və insanlar arasında təmaslara ciddi təkan verəcəyinə ümidvarlıq ifadə olunub. Si Cinpin deyib ki, Çin tərəfi də Azərbaycan vətəndaşlarına münasibətdə vizasız gediş-gəlişin tətbiq olunması məsələsini nəzərdən keçirəcək ki, ölkələrimiz və insanlar arasında təmaslar daha da çoxalsın.

Çin Xalq Respublikasının Sədri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb və ölkəsinin də bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını deyib. COP29 çərçivəsində nümayəndə heyətlərimizin yaxından əməkdaşlıq etməsinin önəmi qeyd olunub.

Si Cinpin Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyinə toxunaraq, COP29-un sədri kimi Azərbaycanın və Çinin Qlobal Cənubun bir hissəsi olduqlarını deyib.

Prezident İlham Əliyev ölkəmizin ŞƏT ilə əməkdaşlığını dəstəklədiyi kimi, BRICS-lə də əməkdaşlığının inkişafına yaxından dəstək verdiyinə görə Çinə təşəkkürünü bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Sammiti 2026-cı ildə Azərbaycanda keçiriləcək. Bununla bağlı Azərbaycan ilə Çin arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

x x x

Qeyd edək ki, görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.