İyulun 3-də 20 dövlət orqanında inzibati vəzifələrin 2-7-ci təsnifatına uyğun olan 73 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 1-i inzibati vəzifələrin ikinci təsnifatına, 2-si üçüncü təsnifatına, 8-i dördüncü təsnifatına, 19-u beşinci təsnifatına, 20-si altıncı təsnifatına və 23-ü yeddinci təsnifatına aiddir. Qeyd edək ki, daxili müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə İqtisadiyyat Nazirliyi (15 vəzifə) tərəfindən təqdim olunub. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Azərbaycan Respublikası Hesablama Palatasında şöbə müdiri vəzifəsidir.
Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 14-ü Naxçıvan Muxtar Respublikasının 3 dövlət orqanı, 12-si isə 6 yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə aşağıda qeyd edilən kateqoriyaya aid şəxslər iştirak hüququna malikdir:
-Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
-Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
-1–3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci – üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarına aid mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (struktur bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) iddia edən şəxslər.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər iyulun 3-dən 17-nə qədər (saat 18:00-dək) Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.