ELM VƏ TƏHSİL NAZİRLİYİ İLƏ MƏKTƏBƏQƏDƏR VƏ ÜMUMİ TƏHSİL ÜZRƏ DÖVLƏT AGENTLİYİ: DAĞLIQ ŞİRVAN REGİONAL TƏHSİL İDARƏSİNİN MÜDİRİ İŞDƏN AZAD EDİLİB

Elm və Təhsil Nazirliyi ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabe qurumlarda növbəti dövri yoxlama tədbirləri çərçivəsində Dağlıq Şirvan Regional Təhsil İdarəsində yoxlamalar aparıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, yoxlamalar yerli bölmələr tərəfindən təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyata keçirilməsi, direktor və direktor müavinlərinin işə qəbulu prosesinin mövcud qaydalara uyğun təşkili, kadrların təyinatı və yerləşdirilməsi, eyni zamanda, qayda və təlimatların icra vəziyyətinin yoxlanılması məqsədilə həyata keçirilib.

Aparılan yoxlamalar zamanı sözügedən idarənin fəaliyyətində müsabiqə qaydaları və şərtlərinin, təlimati sənədlərin tələblərinin ciddi şəkildə pozulması halları aşkarlanıb. Bununla yanaşı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrə nəzarətin təşkilində nöqsanlar aşkar edilib.

Araşdırmanın nəticəsinə əsasən, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev elm və təhsil nazirinin müvafiq əmri ilə iyulun 1-dən tutduğu vəzifədən azad edilib.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq idarənin müdir müavini Həmid Qasımova həvalə edilib.

Agentlik tərəfindən yerli bölmə və tabe müəssisələrin fəaliyyətinə nəzarətin təşkili məqsədilə aparılan yoxlamalar il ərzində davam etdiriləcək.