Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) elan etdiyi “Arxa cəbhənin insanları” ssenari müsabiqəsinin finalçıları elan edilib.
Müsabiqənin təşkilatçlarının verdiyi məlumata görə, müsabiqəyə 50 ssenari qəbul olunub. Kinorejissor Vaqif Azəryar, ssenarist, pedaqoq Nadir Bədəlov, rejissor, prodüser Əli İsa Cabbarov, ssenarist, təlimçi Pərviz Məmmədov, kinoşünas Sevda Sultanovadan ibarət münsif heyətinin qərarı ilə ikinci mərhələyə 13 ssenari buraxılıb.
Qalib ssenarilər 2 Avqust – Milli Kino Günü ərəfəsində elan ediləcək. Qalib ssenarilər üçün müəyyən edilmiş pul mükafatları I yer – 2000 AZN, II yer – 1500 AZN, III yer – 1000 AZN təşkil edir.
Azərbaycan Kinematoqrafçılar İttifaqından verilən məlumata görə, filmlərin dramaturji keyfiyyətini artırmaq üçün müntəzəm ssenari müsabiqələri keçirmək planlaşdırılır. İştirakçıların ssenari texnikası biliklərinin artırılması üçün müsabiqədən əvvəl kinoyazarlar üçün təlimlərin keçirilməsi də AKİ-nin planlarına daxildir.