Azərbaycanda media nümayəndələrinin sərbəst fəaliyyəti üçün bütün şərait yaradılıb, onların hüquq və azadlıqları tam təmin edilir.
Bu barədə Qazaxıstanın “Egemen Qazaqstan” qəzetində dərc olunan məqalədə deyilir.
Yazıda, həmçinin qeyd olunur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başlatdığı medianın dəstəklənməsi prosesi hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
2021-ci ildə qəbul olunmuş “Media haqqında” Qanuna əsasən, Azərbaycanda media azaddır. Media sahəsində senzura yoxdur.
Nəşr Azərbaycanın Qazaxıstandakı səfirliyinin attaşesi Nərmin Hüseynovanın sözlərinə istinadla bildirir ki, dövlət hər kəsin məlumat axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və qanuni yolla yaymaq hüququnu təmin edir.
“Jurnalistlərin müstəqillik, şəxsi toxunulmazlıq, peşə vəzifələrini yerinə yetirərkən öz şərəf və ləyaqətlərini qorumaq hüququ var. Jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilə yolverilməzdir”, – deyə Nərmin Hüseynova qeyd edir.
Məqalədə, həmçinin jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görüldüyü bildirilir.