Birləşmiş Ştatların populyar “New York Weekly” qəzetində Azərbaycanın paytaxtında keçiriləcək “Baku ID” innovasiya festivalına həsr olunmuş məqalə dərc edilib.
Məqalədə nəşrin “Azərbaycanın və regionun əsas startap-innovativ hadisəsi” adlandırdığı festivalın üçüncü dəfədir keçiriləcəyi barədə məlumat verilir. Bildirilir ki, SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi, 4SIM və İDDA-nın tərəfdaşlığı ilə təşkil olunan bu mötəbər tədbirin baş sponsorları Azərbaycanın Elm və Təhsil Nazirliyi, SOCAR, “PAŞA Holdinq”, ABB və “Mappable” şirkətləri olub. Məqalədə bu il festivala müasir Bakının memarlıq rəmzlərindən birinə çevrilmiş məşhur idman-konsert kompleksi “Baku Crystal Hall”un ev sahibliyi edəcəyi də vurğulanır.
Nəşr bildirir ki, “Baku ID” startap müəlliflərinə sənaye liderlərinin və potensial investorların diqqətini cəlb etmək, əlaqələr və əməkdaşlıq qurmaq, fikir mübadiləsi aparmaq və biznes tərəfdaşlıq perspektivlərini müzakirə etmək üçün unikal imkan təklif edir.
“New York Weekly” yazır: “Baku ID”” innovasiya festivalı lap əvvəldən bir çox startapların inkişafında əsas rol oynayıb və onlara ümumilikdə 1,7 milyon manatdan çox investisiya cəlb etməyə kömək edib. Bu, festivalın Azərbaycanda sahibkarlığın inkişafına təsirini və töhfəsini təsdiqləyir”.
Qəzet sonda bildirir ki, “Baku” ID innovasiya festivalı və onun proqramı haqqında ətraflı məlumatı bakuid.com saytından, eləcə də sosial şəbəkələrdən əldə etmək olar.