DÜNYA ÜÇÜNCÜSÜ OLAN AZƏRBAYCAN ŞAHMATÇISI: BÜRÜNC MEDAL DA PİS NƏTİCƏ DEYİL

“Məqsədim qızıl medal qazanmaq idi. Təəssüf ki, alınmadı. Fikrimcə, dünya üçüncüsü olmaq da pis nəticə deyil”.

Bu sözləri açıqlamasında Hindistanın Qandinaqar şəhərində gənclər arasında keçirilmiş dünya çempionatında bürünc medal qazanan Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva deyib.

19 yaşlı iti zəka sahibi səhvlərinin üzərində işləməli olduğunu bildirib: “İkinci olan ermənistanlı Məryəm Mkrtçyanla oyunda heç-heçə edə bildim. Birinci yeri tutan hindistanlı Divya Deşmukla görüşdə də ən azı bu nəticəni gözləyirdim. Amma məğlub oldum. Bütün bunlara baxmayaraq, hər şeyin düzələcəyinə inanıram. Şahmatımızda inkişaf göz önündədir. Buna görə də gələcəyə ümidlə baxıram”.

Qeyd edək ki, Ayan Allahverdiyeva 11 turdan sonra 8,5 xal toplayıb. O, son turda belaruslu Kseniya Normana qalib gəlib. Azərbaycanın digər təmsilçiləri Nərmin Abdinova və Səbinə Rzalı isə mükafatçılar sırasına düşə bilməyiblər.