BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNİN RƏHBƏRLİYİ VƏ KOLLEKTİVİ AZƏRBAYCANIN BİRİNCİ VİTSE-PREZİDENTİ MEHRİBAN ƏLİYEVANI TƏBRİK EDİB

Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyi və kollektivi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycanın Xalq artisti Murad Hüseynov bildirib ki, Azərbaycan bu gün dünyanın ən sürətli inkişaf edən ölkələrindən biridir: “Digər sahələrdə olduğu kimi, mədəniyyət və incəsənətdə də nəhəng iş görülüb. Muğamımızı bütün dünyada tanıyır və sevirlər. Əlbəttə ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində mümkün olub”.

Direktor xatırladıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Bakının mərkəzində dünyada analoqu olmayan Beynəlxalq Muğam Mərkəzi tikilib: “Biz hörmətli Mehriban Əliyevaya çox minnətdarıq. Çünki Azərbaycan muğamının müasir tarixində Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş bir çox iri tədbir tarixi rola və müstəsna əhəmiyyətə malikdir”.