AGENTLİK: BƏZİ ŞƏHADƏTNAMƏLƏR SAXTALAŞDIRILIB

Son zamanlar işəgötürənlər tərəfindən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) ünvanlanan müraciətlərə əsasən aparılan araşdırma nəticəsində məlum olub ki, bəzi şəhadətnamələr saxtalaşdırılıb.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb. Bildirilib ki, sözügedən əməl Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır və TKTA öz növbəsində aşkarlanmış faktlar üzrə mütəmadi olaraq aidiyyəti qurumları məlumatlandırır.

TKTA bu kimi halların qarşısını almaq məqsədilə müvafiq şəhadətnamələrin üzərində olan ştrix-kodu (QR) skan edərək yoxlamaqla yanaşı, sözügedən sənədin əlavə olaraq keçid vasitəsilə həqiqiliyinin təsdiqlənməsini tövsiyə edir.

Xatırladaq ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir.

Sözügedən Qaydalara əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının Azərbaycan Respublikasının ərazisində qüvvədə olması üçün tanınmanın həyata keçirilməsi zəruridir. Müraciətçinin sənədlərinin ekspertizasının nəticəsi müsbət qərarla yekunlaşdığı təqdirdə, tanınma şəhadətnaməsi müvafiq olaraq elektron şəkildə onun şəxsi kabinetinə göndərilir.