“PFİZER” VAKSİNİ ABŞ-DA İSTİFADƏ OLUNMAQ ÜÇÜN TAM LİSENZİYA ALIB

Milli Qida və Dərman İdarəetmə və Nəzarət Agentliyi (NAFDAC) yaşı 16 və yuxarı insanlar üçün koronavirus əleyhinə “Pfizer-BioNTech” vaksinini təsdiq edib. Beləliklə, “Pfizer-BioNTech” ABŞ-da istifadə olunması üçün tam lisenziyalaşdırılmış ilk vaksin oldu.

Agentliyin qərarı məktəblər və iş yerləri üçün məcburi peyvənd qaydalarının tətbiqini asanlaşdıracaq. Bu, Bayden administrasiyasının sentyabr ayından etibarən əlavə peyvənd dozalarının yayılması planlarının həyata keçirməsi yolunda da əhəmiyyətli bir addımdır.

İctimai səhiyyə sahəsində ekspertlər, təsdiqlənmənin vaksin əleyhdarlarını peyvənd olunmağa inandıracağına ümid edirlər, bu da öz növbəsində hazırda çox yoluxucu “delta” variantı ilə mübarizə aparan bir ölkədə vaksinasiya səviyyəsini artıracaq.

NAFDAC komissarı vəzifəsini icra edən doktor Canet Vudkok bu vaksinin təsdiqlənməsinin COVID-19 pandemiyası ilə mübarizədə əhəmiyyətli bir mərhələ olduğunu bildirib. “Milyonlarla insanın artıq COVID-19 əleyhinə peyvəndinin etibarlı şəkildə aldıqlarına baxmayaraq, agentliyimiz tərəfindən vaksinin təsdiqlənməsinin vaksinasiyanın zəruriliyinə bir az da əlavə güvən verə biləcəyini başa düşürük. Bugünkü hədd bizi bu pandemiyanın Birləşmiş Ştatlarda istiqamətini dəyişdirməyə bir addım daha yaxınlaşdırır”.

Xatırladaq ki, “Pfizer” ABŞ-da istifadə olunan üç vaksindən biridir. “Moderna” da tam təsdiq almaq üçün müraciət edib. “Johnson & Johnson” tam təsdiq almaq üçün hələ müraciət etməyib və fövqəladə hallarda verilən icazəyə ümid etməkdə davam edir.