AZƏRBAYCANIN GİMNASTİKA MÜTƏXƏSSİSLƏRİ BEYNƏLXALQ SEMİNARA DƏVƏT ALIBLAR

Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru, Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə texniki komitəsinin üzvü Natalya Bulanova Kiprin Larnaka şəhərində hakimlər üçün keçiriləcək seminara dəvət alıb.

AGF-dən bildiriblər ki, o, Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə texniki komitəsinin prezidenti Noha Abu Şabana ilə birlikdə ekspert qismində çıxış edəcək.

Tədbirə Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının məşqçisi Siyana Vasileva da qatılacaq.

Avropa Gimnastikasının bədii gimnastika üzrə Texniki Komitəsi tərəfindən təşkil olunacaq seminar oktyabrın 14-16-da baş tutacaq.