TOKİO PARALİMPİADASI İLƏ ƏLAQƏLİ ŞƏXSLƏR ARASINDA KORONAVİRUSA YOLUXANLARIN SAYI 100-Ü ÖTÜB

Avqustun 24-də başlayacaq Tokio Paralimpiadası ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxanların sayı 100-ü ötüb.
Bu barədə Tokio Yay Paralimpiya Oyunlarının saytında yerləşdirilən hesabatda bildirilib. Qeyd edilib ki, avqustun 21-nə olan məlumata görə yarışlarla əlaqəli şəxslər arasında COVID-19-a yoluxanların sayı 101 nəfərə çatıb.
Qeyd edək ki, Oyunların təşkilatçıları bu statistikanı avqustun 12-dən aparmağa başlayıblar. Müqavilə əsasında yarışların təşkili üçün işə götürülənlərin (67 nəfər) yoluxanlar arasında üstünlük təşkil etdiyi bildirilir. Bu günədək ən çox yoluxma halı isə avqustun 18-də qeydə alınıb. Həmin gün təşkilatçılar 18 nəfərin virusa yoluxduğunu aşkar ediblər.
Yaponiyada son həftə ərzində fasiləsiz olaraq yoluxma sayının artması qeydə alınıb. Avqustun 20-də ölkədə koronavirusa yoluxanların sayı 25 min 876 nəfər təşkil edib. Pandemiyanın yayılmasının qarşısını almaq üçün hökumət fövqəladə vəziyyət rejiminin həm əhatə dairəsini, həm də müddətini artırıb.
Buna görə də, avqustun 24-dən sentyabrın 5-dək təşkil ediləcək XVI Yay Paralimpiya Oyunlarına tamaşaçıların buraxılmaması qərara alınıb.