Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Latviyanın paytaxtı Riqada keçirilən Avropa birinciliyində çıxışını başa vurub.
Qitə birinciliyinin sonuncu günündə iki cüdoçumuz – İsmayıl Zamanov (81 kq) və Əlirza Şıxəlizadə (90 kq) tatamiyə çıxıblar. Hər iki cüdoçumuz erkən mərhələdə rəqiblərinə uduzaraq mübarizəni dayandırıb.
Beləliklə, Azərbaycan cüdo komandası qitə birinciliyini 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Təmsilçilərimiz Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) Avropa çempionu olublar. Aydın Rzayev (60 kq) gümüş, Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) bürünc medal qazanıblar.
Yarışda 37 ölkənin komandası mübarizə aparıb. Milli komandamız Avropa birinciliyinə 14 cüdoçu (10 oğlan, 4 qız) ilə qatılıb.