TÜRKİYƏDƏ OLAN YANĞIN-XİLASETMƏ QÜVVƏLƏRİNİN SONUNCU QRUPU ÖLKƏYƏ QAYITDI

Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan yanğın-xilasetmə qüvvələrinin sonuncu qrupu da ölkəmizə qayıdıb.

Nazirlikdən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri 16 avqust 2021-ci il tarixindən etibarən hissə-hissə ölkəmizə qayıdır.

Belə ki, qardaş Türkiyədə yanğınların söndürülməsi ilə bağlı tapşırıqları uğurla yerinə yetirən və quru yolu ilə geri qayıdan FHN-in xüsusi texnika və canlı qüvvəsindən ibarət sonuncu qrup da bu gün səhər saatlarında ölkə ərazisinə daxil olub.
Hazırda həmin qüvvələr daimi dislokasiya yerlərinə doğru istiqamət alıb.
Xatırladaq ki, FHN-in yanğın-xilasetmə qüvvələrinin ilk iki qrupu təyyarə ilə 16 avqust 2021-ci il tarixində ölkəmizə qayıdıb.