
“Prezident Kuboku”nda iştirak etmək hər bir idmançı üçün yaxşı təcrübə olacaq”.
Bu sözləri avarçəkmə üzrə İspaniya millisinin baş məşqçisi Alberto Korominas Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2024” beynəlxalq turniri barədə danışarkən deyib.
Yarışda hələlik iki bürünc medal qazandıqlarını xatırladan mütəxəssis xoşbəxt olduğunu bildirib: “İnanıram ki, bu yarışda istədiyimiz nəticəni əldə edəcəyik”.
O, ikinci dəfədir “Prezident Kuboku” turnirində iştirak etdiklərini söyləyib: “Təşkilatçılıq möhtəşəmdir. Burada olmaq bizi sevindirir. Ötən ildən fərqli olaraq, yarışa qatılan ölkələrin sayında artım var. Bu da onu göstərir ki, reqataya olan maraq ildən-ilə artır”.
Qeyd edək ki, “Prezident Kuboku-2024” beynəlxalq reqatası mayın 3-dək davam edəcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.