MÖVLUD ÇAVUŞOĞLU RUSİYA TƏYYARƏSİNİN TÜRKİYƏDƏ QƏZAYA UĞRAMASI İLƏ ƏLAQƏDAR BAŞSAĞLIĞI VERİB

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyədə yanğınların söndürülməsinə cəlb edilən Rusiyaya məxsus Be-200 təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Bu barədə Mövlud Çavuşoğlu özünün “Twitter” səhifəsində yazıb.

Türkiyə XİN rəhbəri bildirib: “Qəhrəmanmaraşdakı yanğının söndürülməsi zamanı baş verən faciəli təyyarə qəzasında Türkiyə və Rusiya heyətlərinin ölümünü dərin təəssüf hissi ilə öyrəndim. Türkiyə və Rusiya xalqlarına başsağlığı veririk. Onların qəhrəmanlığı və fədakarlığı unudulmayacaq!”.

Xatırladaq ki, Türkiyədə Rusiyanın Be-200 yanğınsöndürən təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 8 nəfər həlak olub.