Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə avqustun 11-də başlayan yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və qısa müddətdə söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin ikinci helikopteri də yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Nazirlikdən verilən məlumata görə, hazırda yanğının söndürülməsi əməliyyatları FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri tərəfindən davam etdirilir. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edir.
Relyefin mürəkkəbliyi və mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.