FAKTİKİ HAVA: HAVANIN MAKSİMAL TEMPERATURU İQLİM NORMASINDAN 4° YUXARI OLUB

Martın 30-u saat 10:00-a olan məlumata əsasən gözlənildiyi kimi, ölkə ərazisində hava şəraiti sabit olub, əsasən yağmursuz keçib. Qar örtüyü tədricən əriyərək Şahdağda 14 santimetr təşkil edib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt, İmişli, Cəfərxan, Şabran, Astarada duman müşahidə olunub. Dumanda görmə 200-500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu iqlim normasından 4° yuxarı olub. Belə ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 19°-dək, Naxçıvan Muxtar Respublikasında 16-21°, Aran rayonlarında 19-22°, dağlıq rayonlarda 15°-dək, yüksək dağlıq ərazilərdə 6°-dək isti təşkil edib.