NOVRUZ BAYRAMININ İLK GÜNÜNDƏ PAYTAXTDA YAĞIŞ, DAĞLIQ VƏ DAĞƏTƏYİ RAYONLARDA İSƏ QAR YAĞACAQ

Azərbaycanda martın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində leysan xarakterli, intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 6-9° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycan rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Axşama doğru qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 9-14° isti, dağlarda gecə 2-7°, gündüz 0-2° şaxta olacağı bildirilir.