
Kremldə Ermənistanın baş naziri Nikol Paşinyanın onun ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq ehtimalının olması ilə bağlı səsləndirdiyi bəyanatı eşidiblər.
Bunu jurnalistlərə Rusiya Federasiyası (RF) Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib: “Şübhəsiz, biz bu bəyanatları eşitmişik. Bizə erməni həmkarlarımızla həm KTMT çərçivəsində, həm də ikitərəfli səviyyədə təmaslar lazımdır. Ermənistan baş nazirinin verdiyi bəyanatlara müvafiq olaraq, məsələni aydınlaşdırmağa və müzakirə etməyə çalışacağıq”.
Kremlin nümayəndəsi Paşinyanın bu qəbildən bəyanatına KTMT-də hansı reaksiyanın verildiyi ilə bağlı suala cavab verməyib. O, yaranmış bu vəziyyətin sözügedən təşkilatın növbədənkənar sammitinin keçirilməsinə səbəb olub-olmayacağı ilə bağlı sualı da cavabsız qoyub. RF Prezidentinin mətbuat katibinin qeyd etdiyinə görə, bu suallara təşkilatın rəsmiləri cavab verə bilərlər.