ZAHİD ORUC: QOHUM NİKAHLARINDA QAN XƏSTƏLİKLƏRİNİN ARTMASI İLƏ BAĞLI MƏSƏLƏ DİQQƏTDƏ SAXLANMALIDIR

Ailə institutunda qohum nikahlarına üstünlük verilməsinin bir neçə səbəbi var. Burada bir-birini başa düşmək, tanış olmaq, daha az iqtisadi yük kimi məsələlər üstünlük təşkil edir. Düşünürlər ki, ailədə problemlər olarsa, bunu həll edə biləcəklər.

Bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc qohum nikahları ilə bağlı ictimai dinləmədə deyib.

Z.Oruc problemin həlli üçün beynəlxalq müstəvidə bir sıra təkliflərin mövcud olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, ailənin maliyyə vəziyyətinin yaxşılaşdırılması, qadınlar üçün ali təhsilin olması vacibdir. Eyni zamanda, genetik pozuntularla bağlı məsələ ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Xüsusilə qohum nikahlarında qan xəstəliklərinin artması məsələsi diqqətdə saxlanılmalıdır. Qohumluqla bağlı məsələdə dini qurumların fikirlərinə də ehtiyac var. Test nəticələrinin məxfi etik tərəflərini nəzərə alaraq, onların adsız formatda böyük məlumat mərkəzlərinə yayılması mühümdür.