
8 Mart – Beynəlxalq Qadınlar Günündə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha bəyanatla çıxış edib.
İƏT-in Baş katibliyinin məlumatına görə, bəyanatda deyilir: “Bu əlamətdar gün təkcə qadınların əldə etdiyi tərəqqinin etiraf edilməsi günü deyil, həm də daha əhatəli və ədalətli gələcək üçün birgə fəaliyyətə çağırışdır”.
Baş katib qeyd edib ki, bu il Beynəlxalq Qadınlar Günü “Qadınların inkişafına sərmayə qoyun, tərəqqini sürətləndirin” mövzusu ilə qeyd olunur. İƏT-ə üzv dövlətlərdə və ondan kənarda qadın və qızların cəmiyyət həyatına daha fəal inteqrasiyası, onlar üçün inklüziv mühit yaradılması və səlahiyyətlərinin artırılmasını təşviq etmək öhdəliyi ilə bağlı çağırışlar daha gur səslənir. Bu münasibətlə yeni nəsillərin parlaq gələcəyini təmin etmək üçün gender əsaslı maliyyələşdirməni artırmaq və yeni təşəbbüsləri reallaşdırmaqla həyatın bütün aspektlərində qadınların və qızların hüquqlarını qorumaq yolu ilə firavan və ədalətli iqtisadiyyatların inkişafının təmin edilməsi çox vacibdir.
Hissein Brahim Taha bununla əlaqədar olaraq ötən il Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilmiş “İslamda qadınlar” mövzusunda beynəlxalq konfransda qəbul edilmiş İslamda Qadın Hüquqları üzrə Ciddə Sənədinin əhəmiyyətini xatırladıb. Baş katib vurğulayıb ki, artan zorakılıq, xüsusən davam edən münaqişələr onlardan təsirlənən qadınlara, uşaqlara böyük əzablar gətirib. Qəzzada qadın və qızların məşəqqətlərini xatırladan təşkilatın rəhbəri, həmçinin İƏT nazirlərinin qətnamələrinə uyğun olaraq, Əfqanıstanda qadın və qızların hüquqlarını dəstəkləmək üçün konstruktiv öhdəliyin davam etdirildiyini bir daha vurğulayıb.
İƏT-in rəhbəri qeyd edib: “Bu gün dünyanın üzləşdiyi çoxsaylı böhranlar fonunda hamı üçün daha yaxşı gələcək qurmaq məqsədilə kişilər və qadınlar arasında gender bərabərliyinə nail olmaq həyati əhəmiyyət kəsb edir. Buna görə də İƏT-ə üzv dövlətlər və təşkilatın müvafiq təsisatları qadın hüquqlarının əhəmiyyətini daha yaxşı başa düşməli, qadınların səlahiyyətlərinin artırılmasında mühüm elementləri prioritetləşdirmək və effektiv mexanizmlər yaratmaqla, ədalət və bərabərliyə nail olmaq üçün bu mühüm səylərə qoşulmalıdırlar.
Bəyanatın sonunda qeyd edilib ki, qadınların inkişafı və səlahiyyətlərinin artırılması İƏT-in 2025-ci ilədək Fəaliyyət Proqramı, eləcə də İnkişaf üzrə Fəaliyyət Planı çərçivəsində müəyyən edilmiş əsas prioritet istiqamətlər sırasındadır və bundan sonra da olacaqdır.