PAYTAXTDA 8 YENİ MƏKTƏB BİNASI İNŞA OLUNUR

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 7 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 8 yeni məktəb inşa olunur.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, onlardan 5-də tikinti işləri artıq yekunlaşıb.

Hazırda 205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 71 və 307 nömrəli tam orta məktəblərin köhnə korpuslarının əsaslı təmiri və yeni korpusun tikintisi, 320 nömrəli tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirmə işləri davam edir.

Bundan əlavə, 87 nömrəli tam orta məktəbin köhnə korpusunun, 35 və 263 nömrəli tam orta məktəblərin isə qəzalı vəziyyətdə olan korpuslarının söküntü işlərinə başlanılıb.

Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda məktəb infrastrukturunun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət siyasəti sayəsində təhsil müəssisələrinin mütləq əksəriyyəti müasir tələblər səviyyəsində yenidən qurulub.

Paytaxt məktəblərində aparılan tikinti və təmir-bərpa işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.