KENİYA TELEKANALINDA AZƏRBAYCAN REALLIQLARINDAN DANIŞILIB

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin geniş tamaşaçı auditoriyasına malik “KTN News” ictimai-siyasi televiziya kanalının “Africa Speaks” adlı canlı verilişinin qonağı olub.

Səfirlikdən bildiriblər ki, səfir müsahibəsində Azərbaycanın dövlət quruluşu, tarixi, yerləşdiyi coğrafi ərazi, ölkəmizin nailiyyətləri haqqında sualları cavablandırıb. Eyni zamanda, Azərbaycanın Keniya ilə münasibətlərindən, səfirliyin fəaliyyətindən, müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarından, Afrikada ətraf mühit sahəsində lider ölkələrdən biri olan Keniya ilə bu sahədə səmərəli işbirliyinin əhəmiyyətindən söz açılıb.

Verilişdə iqlim dəyişikliyi mövzusu ətrafında da fikir mübadiləsi aparılıb. S.Hacıyev ətraf mühit sahəsində birgə səylərin vacibliyi, Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədlərə uyğun olaraq Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsi üçün bu çərçivədə bütün səylərin ortaya qoyulduğunu diqqətə çatdırıb.

Müsahibə zamanı ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə uğurlu beynəlxalq fəaliyyəti, parlamentlərarası və gənclərlə iş sahələrində beynəlxalq təşəbbüslər, habelə sədrliyin Uqandaya ötürülməsi haqqında söhbət açılıb.

Verilişdə 2026-cı ildə ölkəmizin WUF13-ə ev sahibliyi edəcəyi və bu tədbirin mahiyyət baxımından COP29-la əlaqəli olması barədə səslənən məlumatlar maraqla qarşılanıb. Diplomat izləyicilərə Formula 1 Azərbaycan Qran-Prisi barədə də məlumat verib.