
CBC telekanalı Ermənistanda, Qərbi Azərbaycanın Zəngəzur bölgəsində çəkilişlər apararaq “Buğakar ziyarətgahı” adlı sənədli film hazırlayıb.
Film Qərbi Azərbaycanda, müasir Ermənistan ərazisində yaşamış və irsləri məhv olunan azərbaycanlıların tarixinin az öyrənilən səhifələrinə həsr olunub. Filmdə İrəvanda və Zəngəzurun kəndlərində çətin şəraitdə aparılan çəkilişlər yer alıb. CBC-nin çəkiliş qrupu yerli sakinlərin köməyi ilə qədim Azərbaycan ziyarətgahı olan Buğakarın izlərini aşkar edərək Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni abidələrin dağıdılmasına dair sübutları qeydə alıb.
Filmin baş prodüseri CBC teleradio şirkətinin baş direktoru Vüqar Xəlilovdur. Filmdə azərbaycanlıların mədəni-tarixi irsinin dağıdılması və gizlədilməsinin davam etdiyi İrəvanın kadrları təqdim olunur. Kinoxronikalar göstərilərkən əvvəllər azərbaycanlılara məxsus torpaqlara xaricdən ermənilərin köçürülməsi barədə məlumatlar verilir.
Çəkiliş qrupu, həmçinin bir vaxtlar azərbaycanlıların yaşadıqları kənddə olub və hazırda orada yaşayan sakindən müsahibə alıb. Kənd sakini çıxışında bu torpaqların əslən azərbaycanlılara məxsus olduğunu etiraf edir. Bundan əlavə, filmdə Zəngəzurda dağıdılmış Buğakar ziyarətgahının dron ilə lentə alınmış unikal kadrları yer alıb.
Filmin müəllifləri Fransanın və ABŞ-ın Ermənistandakı səfirlikləri də daxil olmaqla, müxtəlif səfirliklərə müraciət edib. Müraciətin məqsədi həmin səfirliklərin əməkdaşlarının Buğakar ziyarətgahına ziyarət edib-etməmələri və onun ermənilər tərəfindən dağıdılması barədə onlarda məlumatın olub-olmaması barədə informasiya əldə etməkdir. Müəlliflər bununla dünya ictimaiyyətinin diqqətini azərbaycanlıların mədəni irsinin qorunub saxlanmasına cəlb etmək niyyətindədirlər. Onlar, eyni zamanda, regionun obyektiv tarixi mənzərəsinin bərpasının əhəmiyyətinin vacibliyinin də diqqətdə saxlanılmasını qarşılarına məqsəd qoyublar.
Filmi bu linkdən izləmək mümkündür.