AZƏRBAYCANIN VƏ MEKSİKANIN OMBUDSMAN TƏSİSATLARI ARASINDA ƏMƏKDAŞLIĞIN GÜCLƏNDİRİLMƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLİB

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri xanım Mariya Viktoriya Romero Kabalyeron ilə görüşüb.

Ombudsman Aparatından bildirilib ki, görüşdə Səbinə Əliyeva qonağa insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verib. Müvəkkil beynəlxalq qurumlarla əməkdaşlığa mühüm əhəmiyyət verildiyini, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bir sıra təsisatlarla anlaşma memorandumlarının imzalandığını bildirib.

Səbinə Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərdən danışaraq, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi, bərabərlik hüququnun təminatı və ayrı-seçkiliyin qarşısının alınması sahəsində mandatının genişləndiyini diqqətə çatdırıb.

Görüşdə gender bərabərliyinin təbliği və təmini, qadın hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətin əhəmiyyəti vurğulanıb, bu sahədəki müsbət təcrübələr və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Son illərdə ölkəmizin ev sahibliyi etdiyi bir sıra mühüm beynəlxalq tədbirlər və əldə olunan nailiyyətlər barədə məlumat verən ombudsman BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə Azərbaycanda keçiriləcəyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin hər iki ölkənin ombudsman təsisatları arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı perspektivlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.