Şuşa şəhərinin Baş planının bəzi detalları açıqlanıb.
Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qruplarının Şuşaya səfəri zamanı iştirakçılara bu barədə məlumat verib.
A.Kərimov bildirib ki, Şuşa şəhəri Qoruq elan olunub və bununla bağlı Baş planda xüsusi planlaşdırma təklifləri verilib. O qeyd edib ki, Şuşanın ümumi ərazisini əhatə edən təbii sərhəd zonası var:
“Baş planın işlənməsi zamanı ilk olaraq şəhərdəki küçə-yol infrastrukturunun yaradılması yer tutacaq. Şəhərdəki 200-ə qədər tarixi abidənin əksəriyyəti bərpa prosesinə cəlb olunacaq. Şəhərin mərkəzində üçün daha sıx, daha aktiv həyat olacaq, burada 4-5 mərtəbəli yaşayış və ictimai işgüzar binalar olacaq.
Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Yeni məscid kompleksi tikiləcək. Əsas məqsəd məskunlaşmağa hazır olan kimi və insanlar qayıdanda şəhəri dayanıqlı və komfortlu şəkildə təşkil etməkdir”.