TÜRKİYƏDƏ BAŞ VERƏN 63 YANĞININ 43-Ü NƏZARƏT ALTINA ALINSA DA, 20-Sİ DAVAM EDİR

İyulun 28-i və 29-da Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını nəticəsində azı 4 nəfər həlak olub.
Yanğının daha sıx olduğu Antaliyanın Manavgat şəhərində 3, Marmaris şəhərində 1 nəfər həlak olub. Antaliyada yanğının təsir etdiyi 183 nəfər xəstəxanaya müraciət edib.
Rəsmi açıqlamalara görə, meşə yanğınlarının 43-ü nəzarət altındadır, 20 yerdə yanğın davam edir.
Yanğın əsasən Manavgat, Marmaris və Bodrumdakı yaşayış məntəqələri üçün təhlükəli olduğundan, bu bölgələrdəki bəzi kəndlərdən və turizm obyektlərindən insanlar evakuasiya edilib. Meşələrdə çıxan yanğın bəzi bölgələrdə küləyin təsiri ilə yaşayış yerlərinə keçib. Minlərlə heyvanın tələf olduğu bildirilir.
Yanğınları söndürmək üçün tanker və yanğınsöndürənlərdən başqa, pilotsuz aparatlardan da istifadə olunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisənin hərtərəfli araşdırılacağını və yanğından zərər çəkən vətəndaşlara hər cür dəstəyin göstəriləcəyini bildirib.