Bu gün Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Qadınlar Birliyinin sədri Ayşe Keşir və Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova arasında görüş keçirilib.
B.Muradova deyib ki, Türkiyə və Azərbaycan arasında münasibətlər bu gün yüksək səviyyədədir: “Türkiyə ilə Azərbaycan arasında inkişafın qarşısını ala biləcək bir güc yoxdur, nə dünyada nə regionda belə bir güc mövcud deyil. Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişafı regionun təhlükəsizliyi və rifahı üçün çox önəmlidir.
Dövlətlərimiz və xalqlarımız arasında münasibətlər tərəfdaşlığa, dostluğa, qardaşlığa əsaslanır və iki dövlətin, xalqın maraqlarına uyğun inkişaf edir. Biz bütün çətin dörəmlərdə bir-birimizin yanında olmuşuq”.
B.Muradova bildirib ki, Türkiyə və Azərbaycan münasibətləri ilə bağlı Mustafa Kamal Atatürk “sevincimiz sevincimiz, kədərimiz kədərimiz”, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev “bir millət, iki dövlətik” deyib: “44 günlük savaşda Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə qələbə qazandı və bu qələbənin əldə olunmasında qardaş Türkiyənin siyasi, mənəvi dəstəyi böyük rol oynadı”.
B.Muradova Şuşa Bəyannaməsinin iki dövlət və xalq arasında gələcək münasibətlərinin inkişafında önəmli rol oynayacağını bildirib.
A.Keşir öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirin. O qeyd edib ki, Partiya sədri Rəcəb Tayyib Ərdoğan partiya fəaliyyətində qadınların roluna xüsusi diqqət yetirir: “Bu, mənim Azərbaycana ilk səfərim deyil. Türkiyə ilə Azərbaycan arasında dünyada heç bir iki dövlət arasında olmayan münasibətlər var. Türkiyə ilə Azərbaycan arasında əlaqələrin tarixi kökləri var. Qarabağda döyüşlər gedən zaman biz də gecələr yatmadıq, Şuşaya Azərbaycan bayrağı sancılarkən biz də sevincdən ağladıq. Türkiyə və Azərbaycan arasında Şuşa bəyannaməsi imzalanan zaman mən də orada idim. Şuşaya səfər çox sevindirici idi, orada olmaqdan çox məmnun oldum, ürəyim çırpınırdı. Biz əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün əlimizdən gələni edirik və bundan sonra da edəcəyik. Eyni zamanda iki partiyanın qadın təşkilatları arasında da münasibətlərin inkişaf etdirilməsi məqsəd kimi qarşıya qoyulub”.