
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həmin çərçivədə Əməkdar məşqçi, “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov da kampaniyaya qoşulub.
O, agentliyin “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına dəstək olaraq etdiyi videomüraciətdə hər kəsi, xüsusilə də idmançıları kampaniyaya qoşulmağa çağırıb. Peşəkar idmançı bildirib ki, qida rasionuna fikir verilməli, gündəlik qidalanmada şəkər istehlakı azaldılmalı və sağlam həyat tərzinə üstünlük verilməlidir.
Xatırladaq ki, Q.Qurbanovdan əvvəl isə gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin üzvləri Müşfiq Cəfərov və Emin Hacıyev, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “ABAD” publik hüquqi şəxs bu kampaniyaya qoşulub. Eyni zamanda “MyGov” platforması üzərindən vətəndaşlara şəkərin zərərləri barədə bildirişlər göndərilib.
Kampaniyaya qoşulanların sayının artması ilə yanaşı, AQTA bu məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini daha da genişləndirir. Maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Müxtəlif televiziya və radio verilişlərində agentliyin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin, həmçinin həkimlərin, ekspertlərin, qida mühəndislərinin və diyetoloqların iştirakı ilə müzakirələr aparılır.
Qeyd edək ki, AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.