
Misirin turizm və qədim əsərlər naziri Əhməd İsa Giza yaylasındakı 4500 il yaşı olan Menkaure ehramının bərpası layihəsini nəzərdən keçirmək üçün tanınmış arxeoloq Zahi Havassın rəhbərlik etdiyi ali elmi komitənin yaradılması haqqında əmr imzalayıb.
“Əl Əhram” nəşri xəbər verir ki, komitə mühəndislər və arxeoloqlardan, xüsusən Misir, ABŞ, Çexiya və Almaniyadan olan ehramlar üzrə mütəxəssislərdən ibarətdir. Onun əsas vəzifəsi Misirin Qədim Əsərlər Ali Şurası (SCA) ilə Yaponiyanın Vaseda Universiteti arasında əməkdaşlıq şəraitində həyata keçirilən Giza yaylasındakı Menkaure ehramının memarlıq-bərpa layihəsini qiymətləndirməkdir.
Layihənin nəzərdən keçirilməsi başa çatdıqdan sonra komitə öz nəticələrini və tövsiyələrini əks etdirən hərtərəfli elmi hesabat hazırlayacaq. Bu hesabatda UNESCO ilə koordinasiya üçün zəruri prosedurlar da öz əksini tapacaq.
Menkaure ehramında bərpa işlərinə başlamazdan əvvəl komitənin hesabatı Misirin Turizm və Qədim Əsərlər Nazirliyinə təqdim olunacaq. Sonra komitənin nəticələrini və layihənin başlanması ilə bağlı qərarı elan etmək üçün beynəlxalq mətbuat konfransı təşkil ediləcək.