SAYMON STİL: 2050-Cİ İLƏDƏK BMT-NİN İQLİM HƏDƏFLƏRİNƏ NAİL OLMAQ ÜÇÜN OLİMPİYA SƏYLƏRİ LAZIMDIR

Olimpiya şüarı olan “daha tez, daha yüksək və daha güclü” ümumi iqlim mantramız olmalıdır.

Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ADA universitetində mühazirəsində deyib.

“Bakıda vacib danışıqlar keçirdim və məmnuniyyətlə ADA universitetinin tələbələrinə mühazirə keçirəm. Biz Bakıda yeni, növbəti iqlim konfransı olan COP29 tədbirinə hazırlaşırıq. Mən yenidən Azərbaycan hökumətini və vətəndaşlarını bu hadisə münasibətilə təbrik edirəm. Bu böyük məsuliyyətdir. Qarşıda xeyli iş var. Lakin Azərbaycan mühüm tədbirlərə ev sahibliyi etməklə bağlı böyük təcrübəyə malik olduğundan, bunun öhdəsindən gələcək”, – deyə Stil vurğulayıb.

Tələbələrə müraciət edən Stil qeyd edib ki, qlobal istiləşməni 1,5 dəcərə Selsi həddində saxlamaq və bütün xalqları iqlim dəyişikliyinin nəticələrindən qorumaq mümkün olarsa, 2050-ci ildə dünya çox gözəl görünəcək.

“Ötən ilki COP28 tədbirindəki razılaşma ideal olmasa, cəmi bir neçə il əvvəl ağlasığmaz idi, bu qlobal dekarbonizasiyanın qaçınılmaz olduğuna dair olduqca mühüm siqnaldır”, – deyə o bildirib.

Onun fikrincə, bir neçə il ərzində BMT-nin 2030 və 2050-ci ilədək iqlimlə bağlı müəyyən edilmiş hədəflərinə nail olmaq üçün olimpiya səyləri tələb olunur.

“Dünya ölkələrinin hökuməti iqlim üzrə Paris sazişinə vaxtında qoşuldu. Düşünürəm ki, COP28 tədbirində qeyd olunduğu kimi, 2030-cu ilədək istixana qazlarının tullantılarının 43 faiz azaldılması praqmatik və mümkündür.

İstixana qazlarının tullantısının sıfıra endiyi qlobal enerji sistemini görürəm. BMT 25 ildir ki, sənaye sektoru və kənd təsərrüfatında zəruri tədbirlər hesabına ətraf mühitin mühafizəsi məsələsinə yanaşmanı dəyişməyə çalışır. Axı Yer üzündəki bütün insanların sağlamlığı bundan asılıdır”, – Saymon Stil deyib.

O hazırda dekarbonizasiyanın dünya iqtisadiyyatının mühüm hissəsi olduğunu əlavə edib.

“BMT 2025-ci ildə iqlim barədə Paris sazişinin icrasının nailiyyətlərinə dair böyük araşdırma təqdim edəcək və səylərimizi aktivləşdirməliyik”, – deyə Stil əlavə edib.