
“İrəli” İctimai Birliyi 2 Fevral – Azərbaycan Gəncləri Gününü silsilə tədbirlərlə qeyd edib.
İctimai Birlikdən bildiriblər ki, tədbirlərin keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin mühüm istiqamətləri ilə gəncləri yaxından tanış etmək, habelə gənclərin asudə vaxtının səmərəli təşkili və müxtəlif sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır.
Tədbirlər çərçivəsində təşkilatın nümayəndələri və üzvləri Fəxri xiyabanda dövlət gənclər siyasətinin banisi, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Təşkilat tərəfindən yanvarın 30-da “Gənclik İrəlidədir” həftəsi elan olunub. Gənclərin asudə vaxtının səmərəli təşkili, müxtəlif sahələr üzrə panel görüşlər, sərgi, ekskursiya, konsert və digər kütləvi-mədəni tədbirlər həyata keçirilir. Fevralın 5-dək davam edəcək tədbirlər vətənpərvərlik, yaşıl dünya, şəxsi inkişaf, Qərbi Azərbaycan, təhsil, tarix, mədəniyyət və idman istiqamətlərini əhatə edəcək.
Qeyd edək ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı Azərbaycan Xalça Muzeyində “Mədəni İrsimİZ”, Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgiləri keçirilir. Sərgilərlə yanaşı, Azərbaycan Real Aykido Klubunun tərəfdaşlığı ilə özünümüdafiə təlimi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin tərəfdaşlığı ilə əlbəyaxa döyüş təlimi təşkil edilib. Qarşıdakı günlərdə bir sıra istiqamətdə görüş və təlimlərin keçirilməsi nəzərdə tutulur.
“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə “MədəniyyətimİZ” proqramının növbəti görüşü də 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunub. Görüşdə Xalq şairi Vahid Əziz Ulu Öndər Heydər Əliyevlə bağlı ən zəngin xatirələrdən, Azərbaycan ədəbiyyatının inkişafı kontekstində milli nümunələrin təbliği, yaradıcı sənayenin müasir tendensiyalarından söhbət açıb. Tədbir “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatının rolu”, “Ədəbi mühitdə yeni, innovativ yanaşmalar: Yaradıcı sənayenin inkişafı kontekstində müasir yazıçılıq ənənələrinə baxış” və “İstedadlı gənclərin tanıdılması” mövzularında panel müzakirələrlə davam edib.




