
Ermənistan Respublikasının Cənubi Qafqazda məsuliyyətsiz və ehtiyatsız hərəkətləri nəticəsində ətraf mühitə vurulan ziyan dərin narahatlıq doğurur. Qarabağın işğalı zamanı Ermənistan Azərbaycanın ərazilərinə axan çayları çirkləndirib. Bu ölkədə fəaliyyət göstərən “Metsamor” Atom Elektrik Stansiyası təhlükə mənbəyidir. Ətraf mühit fəalları və ekspertlər də bildirirlər ki, bu stansiya dünyada mövcud olan ən təhlükəli atom elektrik stansiyalarından biri sayılır və Ermənistan onun fəaliyyətini dayandırmaqdan imtina edir.
Bunu ABŞ-ın vətəndaş cəmiyyətinin fəalı, Miçiqan Universitetinin tələbəsi Mət Qarnet deyib.
O xatırladıb ki, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüquqlarından biri kimi tanıyır. Qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səfərbər olduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkildə pozur.
Bu il BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Cənubi Qafqaz regionunda, Azərbaycanın paytaxtı Bakıda keçiriləcəyini nəzərə alaraq, Ermənistan ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da beynəlxalq konvensiyalardan irəli gələn öz öhdəliklərini yerinə yetirməlidir.
Ermənistan hökuməti və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətlər həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmalıdır. Amulsar qızıl mədənində ekosistem üçün əhəmiyyətli dərəcədə zəhərli və radioaktiv çirklənmə riskləri yaradan mədən işlərinin dayandırılması ilə bağlı Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının bu yaxınlarda Ermənistan hökumətinə və bütün maraqlı şirkətlərə ünvanlanmış müraciətində qeyd olunan dərin narahatlıq çox başa düşüləndir.