DSK-LARIN ƏRAZİSİNDƏ MÜŞAHİDƏ ÜÇÜN ƏRİZƏLƏRİN TƏQDİM EDİLMƏSİ MÜDDƏTİ BAŞA ÇATIR

Fevralın 7-də keçiriləcək Prezident seçkilərində seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət sabah başa çatır.

Secki-2024.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələri müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim etməlidir.

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il fevralın 2-dək olan dövrü əhatə edir.