BELARUSDA YAŞAYAN AZƏRBAYCAN VƏTƏNDAŞLARI MİNSKDƏ SƏS VERƏCƏKLƏR

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Belarusda yaşayan Azərbaycan vətəndaşlarının səsvermə hüququnun təmin edilməsi məqsədilə səfirlikdə yaradılmış seçki məntəqəsində hazırlıq işləri başa çatdırılıb.

Səfirlikdən bildiriblər ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçici siyahıları tutulub və Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Həmçinin səsvermə zamanı istifadə olunacaq müvafiq ləvazimatlar alınıb.

Seçki məntəqələrində Belarusda yaşayan Azərbaycan vətəndaşlarının azad səs vermələri üçün hər cür zəruri şərait yaradılıb. Səfirlik Belarus Respublikasının Minsk, Qomel, Mogilyov, Vitebsk, Qrodno, Polotsk, Jlobin, Babruysk şəhərlərində yaşayan vətəndaşlarımıza seçkilərlə bağlı geniş informasiya verib və onları bu səsvermədə fəal iştiraka dəvət ediblər.

Bu dəfə səs verənlər arasında seçkilərdə ilk dəfə iştirak edəcək Azərbaycan gəncləri də olacaqlar.