EKVADORDA İĞTİŞAŞLARDAN SONRA TUTULANLARIN SAYI İKİ MİNƏ YAXINLAŞIR

Ekvadorun güc strukturları həbsxanalarda qiyam və iğtişaşlar başlayandan bəri iki minə yaxın şəxsi saxlayıb.

Ekvador Prezidenti Daniel Noboanın administrasiyası bu barədə sosial mediada məlumat yayıb.

“2024-cü il yanvarın 9-dan 17-dək 1975 nəfər saxlanılıb, onlardan 158-i terrorizmdə ittiham olunur”, – deyə məlumatda bildirilir.

Cinayətkar qruplaşmalarla mübarizəyə təhlükəsizlik qüvvələrinin 20 mindən çox əməkdaşı cəlb olunub. Əməliyyatlar zamanı 700-dən çox odlu silah, 500-ə yaxın partladıcı və 6 tondan çox narkotik maddə müsadirə edilib. Həmçinin girov götürülən 212 nəfər azad olunub.

Xatırladaq ki, yanvarın 7-də “Los Choneros” qruplaşmasının başçısı həbsxanadan qaçdıqdan sonra Ekvadorda təhlükəsizliklə bağlı vəziyyət daha da kəskinləşib. Bundan sonra bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar və girov götürmə halları baş verib. Yanvarın 8-də Ekvador Prezidenti ölkədə fövqəladə vəziyyət rejimi və komendant saatı elan edib. Dövlət başçısı bir gün sonra daxili silahlı münaqişənin mövcudluğunun tanınması haqqında fərman imzalayıb və 22 cinayətkar qrupun zərərsizləşdirilməsi barədə göstəriş verib.