ALMANİYADA GÜCLÜ QAR SƏBƏBİNDƏN YÜZLƏRLƏ AVİAREYS LƏĞV OLUNUB

Güclü qar və buz yağışı Almaniyada yüzlərlə aviareysin ləğvinə səbəb olub.

Associated Press agentliyi xəbər verir ki, Almaniyanın ən böyük hava limanı olan Frankfurt-Mayn aeroportunda 500-dən çox, Münxen aeroportunda isə 250-dən çox aviareys ləğv edilib.

Ölkənin əsas dəmiryolu operatoru “Deutsche Bahn” uzun məsafəli qatar reyslərinin bəzilərini dayandırmaq məcburiyyətində qalıb. Bundan başqa, yüksəksürətli “Intercity-Express” qatarlarının sürəti saatda 200 kilometrədək azaldılıb.

Yanvarın 17-də səhər saatlarında əlverişsiz hava şəraiti yollarda çoxsaylı qəzalara səbəb olub. İnsidentlərin artmasının qarşısını almaq üçün bir çox məktəb və uşaq bağçası bağlanılıb, bəzi kompaniyalar məsafəli iş rejiminə keçib.