“ASAN XİDMƏT” “ROBOCODE” ROBOTİK KODLAMA DÜŞƏRGƏSİNƏ BAŞLAYIR

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə “RoboCode” robotik kodlama düşərgəsinə başlanılır.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əsas məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşaraq karyera qurmaq istəyən gəncləri qısa müddətdə əhəmiyyətli vasitə olan “ROS” ekosisteminə aid bilik və bacarıqlarla təmin etməkdir. Eyni zamanda, müvafiq istiqamətdə innovativ həlləri təşviq etməklə iştirakçılara bu sahələrdə layihələrini inkişaf etdirməyə kömək etmək prioritetdir.

Bir ay müddətində davam edən düşərgədə iştirakçılar müasir robototexnika və avtomatlaşdırma texnologiyaları sahəsində geniş biliklər əldə edəcəklər. Həmçinin onlar yerli və xarici peşəkarlar tərəfindən təşkil olunacaq təlimlərdə təcrübi bilikləri mənimsəməklə karyera perspektivlərini genişləndirmək imkanı qazanacaqlar.

Düşərgədə “C++”, “Python” proqramlaşdırma və “Linux” biliklərinə başlanğıc səviyyədə malik olan 18-30 yaşarası gənclərin iştirakı nəzərdə tutulub.

İştirak etmək istəyənlər yanvarın 31-dək müraciət edə bilərlər.

Qeydiyyat üçün link: https://forms.gle/qAWmissA45danEJj6