Bildiyimiz kimi, 20-21 iyul tarixlərində Azərbaycanda müqəddəs Qurban bayramı qeyd ediləcək. Mövzunun aktuallığını nəzərə alaraq, MTM (Media Təhlil Mərkəzi) tərəfindən 7-12 iyul tarixlərində sorğu keçirilib. Sorğuda iştirak edən 860 respondentin 52%-ni qadınlar, 48%-ni kişilər təşkil edib.
“Müqəddəs Qurban bayramını şəriət qaydalarına uyğun qeyd edirsiniz?” sualını cavablandıranların 34,8%-i hər il qurban kəsdiklərini, ehtiyacı olanlara payladıqlarını, 10,2%-i qurban kəsmək yerinə həmin vəsaiti xeyriyyə məqsədilə yönləndirdiyini qeyd edib. Ehtiyaclı insana əl tutduğunu və ən azı bayram süfrəsi açmasına dəstək olduğunu deyənlər respondentlərin 20,3%-ni, həm qurban kəsdiyini, həm də bayram namazı qıldığını deyənlər isə sorğu iştirakçılarının 11,7%-ini təşkil edib. Cavab verənlərin 10,2%-i pandemiyaya görə Qurban bayramını ənənəvi qaydada qeyd etməyi düşünmədiyini, 12,8%-i isə ümumiyyətlə qeyd etmədiyini bildirib.
Sorğunun nəticələrinə əsasən məlum olub ki, respondentlərin 51,1%-i “COVID-19”la əlaqədar olaraq bayram günlərini evdə keçirməyi, 19,1%-i isə bölgələrə səfər etməyi düşünür. Dostları ilə əyləncə məkanlarına üz tutacağını deyənlər cavab verənlərin 8,5%-ni, xaricə səfər etməyi düşünənlər 2,7%-ni, bayramı qeyd etməyi düşünməyənlər 18,6%-ni əhatə edib.
Verilən cavablarla respondentlərin bayram alış-verişinə ayıracağı vəsaiti də müəyyənləşdirmək mümkün olub. Sorğu iştirakçılarının cavabları aşağıdakı kimi olub:
50 AZN-dən az – 15,7%;
50-100 AZN – 26%;
100-150 AZN – 17,2%;
150-200 AZN – 12,1%;
200-300 AZN – 7,6%;
300 AZN-dən çox – 4,3%;
Pul xərcləməyi düşünmürəm – 17,1%.
Koronavirus pandemiyasının Qurban bayramına təsirinə gəlincə, respondentlərin 41,2%-nin fikrincə, pandemiya insanların maddi durumuna təsir etdiyinə görə bayram əvvəlki qaydada keçirilməyəcək. İştirakçıların 33,6%-i karantin qaydaları yumşaldıldığı üçün bu il bayramın ötən illə müqayisədə daha geniş qeyd ediləcəyini, 10%-i Qurban kəsimi məntəqələrində insanların daha az toplaşacağını düşünür. Müqəddəs Qurban bayramının ənənəvi qaydada keçiriləcəyini düşünənlər respondentlərin 15,2%-ni təşkil edib.