
MDB-nin Hökumətlərarası Yol İşçiləri Şurası tərəfindən təşkil olunan VII beynəlxalq avtoyürüşü Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistan ərazilərindən keçəcək.
MDB-nin İcraiyyə Komitəsinin saytında bildirilib ki, Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanın əraziləri üzərindən beynəlxalq avtoyürüşün keçirilməsi 28 aprel – 8 may 2024-cü il tarixinə planlaşdırılıb. Marşrutun davamiyyəti 11 gün, uzunluğu isə 2500 kilometr təşkil edir. Avtoyürüşün marşrutu Azərbaycan-Rusiya sərhədində Bakı–Quba, Rusiya-Qazaxıstan sərhədində Dərbənd–Mahaçqala– Həştərxan-Atıpay–Beyneu, Qazaxıstan-Özbəkistan sərhədində Nukus–Xivə avtomobil yollarından keçəcək.
Beynəlxalq avtomobil yürüşü çərçivəsində Bakıda, Mahaçqalada və Nukusda üç beynəlxalq konfransın, peletonun gedişi ilə bağlı səyyar beynəlxalq seminarın, yerlərdə yol ictimaiyyəti ilə müşavirə və görüşün keçirilməsi planlaşdırılıb. Bütün bu tədbirlər yol təsərrüfatının öyrənilməsi və populyarlaşdırılması, avtomobil yollarının, körpü tikililərinin tədqiqi, layihələşdirilməsi, tikintisi və istismarı, yol hərəkəti təhlükəsizliyinin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan və Azərbaycan dövlətləri və ümumilikdə MDB ölkələri və xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə yönəldilib.
Beynəlxalq avtoyürüşün gedişində iştirakçılara kuboklar, medallar, diplomlar, həmçinin Hökumətlərarası Yol İşçiləri Şurasının (HYİŞ), ictimai və sənaye təşkilatlarının (MDB İcraiyyə Komitəsi, MDB Koordinasiya Nəqliyyat Şurası (KNŞ), Beynəlxalq Nəqliyyat və Yol İşçiləri Həmkarlar İttifaqları Assosiasiyası, Beynəlxalq Nəqliyyat Akademiyası, “Soyuzdorstroy” Özünü Tənzimləyən Təşkilatı) və beynəlxalq avtomobil yürüşünə dəstək verən digər idarələrin mükafatları təqdim ediləcək.
