AĞDAMDA MİNA HADİSƏSİ ZAMANI XƏSARƏT ALAN ANAMA ƏMƏKDAŞININ HƏYATİ TƏHLÜKƏSİ YOXDUR

Ağdam rayonunun Sarıcalı kəndi ərazisində mina hadisəsində xəsarət alan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı – 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun həyatı təhlükəsi yoxdur.

Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 26-da xidməti vəzifəsini yerinə yetirən zaman baş vermiş piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alan Z.Mahmudovun ilkin müayinəsi zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb.

“Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərildikdən sonra stasionar müalicəsinin davamı məqsədilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. Həyatı təhlükəsi yoxdur. Xəsarət alan əməkdaşın durumu ilə bağlı əlavə məlumat veriləcək”, – məlumatda deyilir.