
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamenti tərəfindən 2023-cü ilin ilk 3 rübü ərzində qurumun fəaliyyəti ilə bağlı 195 press-reliz hazırlanaraq media subyektləri vasitəsilə ictimaiyyətə çatdırılıb.
Hesabat dövrü ərzində qəbul edilən informasiya sorğuların sayı 3 300-dən çox olub. Bundan başqa, televiziya kanallarının ünvanladıqları sorğular əsasında, eləcə də TƏBİB-in təşkil etdiyi müxtəlif tədbir və mövzularla bağlı reallaşdırılan çəkilişlərin sayı 1 150-dən artıq olub.
Bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova TƏBİB-in 5 illiyinə həsr edilmiş tədbirdə deyib.
“TƏBİB-in rəsmi veb-saytı 2022-ci ildə istifadəyə verilib. Hazırda isə funksionallığının artırılması istiqamətində bir sıra işlər görülür. Saytın təhlükəsizlik sistemi gücləndirilərək daha optimal vəziyyətə gətirilib. Bundan əlavə, tabeli tibb müəssisələrinin də vahid formatda saytlarının yaradılması istiqamətində işlərə başlanılıb. Hazırda tibb müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin ümumi sayı 86 nəfərdir. Tabeli tibb müəssisələrimizə cari il ərzində 24 ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis işə qəbul olunub.
Ali dövlət qurumunun çərçivə sənədi əsasında TƏBİB-in 2024-2026-cı illəri əhatə edən yeni Kommunikasiya strategiyası hazırlanır. Növbəti ildən əvvəlki illərdə əldə edilən nəticələr daha da yüksəldiləcək, əhalinin maarifləndirilməsi, jurnalistlərin təlimlərə cəlb olunması yolu ilə tibb sahəsi üzrə ixtisaslaşmasına dəstək göstəriləcək. Yeni strategiya çərçivəsində müasir dövrün yeni tendensiyaları da nəzərə alınacaq.
TƏBİB-in fəaliyyəti ilə bağlı əhalinin məlumatlandırılması, eləcə də müraciətlərin daha operativ cavablandırılmasının əhəmiyyətli olması sosial media platformalarının aktuallığını artırır. Bu səbəbdən daha geniş auditoriyaya xitab edə bilmək üçün 2023-cü ilin ötən dövründə də sosial media üzrə fəaliyyətə böyük önəm verilib.
Beləliklə, paylaşılan postların ümumi sayı 3500-ə çatıb. Feysbuk və instaqram platformalarının izləyiciləri tərəfindən 2 minədək müraciət daxil olub və cavablandırılıb”, – deyə Z.Ədilova qeyd edib.
