XARİCİ ÖLKƏLƏRƏ SƏYAHƏT ZAMANI NƏLƏR BİZİM ÜÇÜN DAHA ÖNƏMLİDİR?

Dünyada gedən kütləvi vaksinasiya prosesi artıq bir sıra ölkələr arasında uçuşların bərpasına şərait yaradıb. Yay aylarında insanların istirahət üçün xarici ölkələrə üz tutduğunu nəzərə alaraq, MTM (Media Təhlil Mərkəzi) tərəfindən 3-7 iyul tarixlərində sorğu keçirilib. Sorğuda iştirak edən 781 respondentin 49%-ni qadınlar, 51%-ni kişilər təşkil edib.

İlk suala maksimum 3 cavab seçmək imkanına malik olan respondentlərin 55,8%-ni xarici ölkələrə səyahət zamanı tarixi yerlər, 27,5%-ni muzeylər, 32,5%-ni müasir məkanlar, 27,4%-ni çimərliklər, 29,3%-ni alış veriş mərkəzləri, 29,3%-ni otel və restoranlar cəlb edir. Sualı cavablandıranların 36,1%-i üçün səyahət etdiyi ölkədəki əyləncə məkanları, 32,5%-i üçün isə ölkənin mətbəxi daha maraqlıdır. İştirakçıların 2%-i xarici ölkələrin cəlbedici olmadığını, 23,7%-ni isə digər ölkələrə səyahət etmədiyini bildirib.  

Cavab verənlərin 64%-i ölkə xaricində aktiv, 5%-i isə passiv istirahətə üstünlük verdiyini, 31%-i isə xarici ölkədə istirahət etmədiyini qeyd edib.

3 variant seçmək imkanına malik olan respondentlər “Hansı ölkəyə səyahət etmək istərdiniz?” sualına aşağıdakı kimi cavab verib:

ABŞ – 39,1%;

İtaliya – 47,5%;

İspaniya – 26,9%;

Fransa – 23,4%;

Birləşmiş Krallıq – 23,4%;

Türkiyə – 42,8%;

Çin – 41,9%;

Tailand – 13,1%;

Meksika – 8,3%;

Almaniya – 25,1%;

MDB ölkələri – 6,8%;

Avropanın digər ölkələri – 27,1%;

Amerikanın digər ölkələri – 6,9%;

Afrikanın digər ölkələri – 11,1%;

 Asiyanın digər ölkələri – 22%;

Xarici ölkəyə getmək istəmirəm – 2,8%.

Respondentlərin 29,2%-i səyahət edəcəyi ölkəni seçərkən görməli yerlərin çoxluq təşkil etməsinə, 23,9%-i ölkənin zəngin tarix və mədəniyyətə malik olmasına, 19%-i isə aktiv istirahət üçün əlverişliliyinə önəm verir. Gedəcəyi ölkəni iqlim şəraitinə əsasən seçənlər sorğu iştirakçılarının 3,6%-ni, səyahətin ucuz başa gəlməsinə çalışanlar və gəzintini buna əsasən planlaşdıranlar cavab verənlərin 17,2%-ni əhatə edib. Respondentlərin 4,2%-i səyahət zamanı digər səbəblərə önəm versə də, 2,9%-i səyahəti sevmədiyini bildirib.