“AZƏRPOÇT” VƏTƏNDAŞLARA KİBERDƏLƏDUZLARLA BAĞLI XƏBƏRDARLIQ EDİB

“Kiberdələduzlar “Azərpoçt”un müştərilərini, eləcə də digər vətəndaşları hədəfə alıblar”.

Bu barədə “Azərpoçt” MMC-dən bildirilib.

Belə ki, son zamanlar vətəndaşlara “Azərpoçt”un adından kütləvi şəkildə saxta mesajlar göndərilir, həmin mesajlarda vətəndaşların bağlamasının ölkəyə daxil olduğu, amma guya ev ünvanının natamamlığı səbəbindən mənzilə çatdırılmadığı qeyd olunur və elə həmin mesajda da saxta link göndərilir ki, ünvan və digər fərdi məlumatlar vətəndaş tərəfindən daxil edilsin.

“Belə olduğu halda da vətəndaşlar aldanaraq öz fərdi, xüsusilə karta aid məlumatlarını daxil edirlər və dərhal işbazların qurbanına çevrilirlər. “Azərpoçt” olaraq, vətəndaşlarımızı ayıq-sayıq olmağa, onlara gələn mesajlara, linklərə həssas yanaşmağa çağırır, xüsusilə bildiririk ki, “Azərpoçt” bağlama çatdırılmasının ödənişini onlayn qaydada həyata keçirmir və heç bir halda vətəndaşa məxsus kart məlumatlarını tələb etmir”, – deyə məlumatda bildirilir.

Qurum bir neçə saxta və həqiqi mesaj nümunələrini təqdim edib:

SAXTA MESAJ:

“Azərpoçt: Paketiniz anbara gəlib, lakin ünvan məlumatı natamam olduğu üçün çatdırıla bilmir. Zəhmət olmasa linkdəki ünvanı təsdiqləyin.

https://post.az-com.top/aze – YANLIŞ LİNK

(Ən son logistika statusunu əldə etmək üçün linki kopyalayın və Safari-də açın) – YANLIŞ YÖNLƏNDİRMƏ

HƏQİQİ MESAJ:

ADINIZA DAXIL OLMUSH BB023584438AZ SAYLI GONDERISHI SHEXSIYYET VESIQENIZI TEQDIM ETMEKLE AZ4700 POCHT SHOBESINDE ALA BILERSINIZ. AZERPOCHT

Saxta mesajlarda vətəndaş yanlış linklərə yönləndirilir və ondan növbəti addımlar atması tələb olunur.

Həqiqi mesajda isə mütləq poçt göndərişinin 13 simvoldan ibarət izləmə nömrəsi və təhvil almaq üçün poçt şöbəsinin indeksi qeyd olunur”, – deyə MMC-nin məlumatında bildirlib.

Vətəndaşlardan “Azərpoçt”la bağlı şübhəli mesaj və bildirişlər aldıqda, dərhal “Azərpoçt”un 169 Çağı mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş olunur.